Vergi ödəyicisi kimi uçotda olmayan şəxslərdən malların alışının rəsmiləşdirilməsi və bu zaman yaranan vergi münasibətlərinin tənzimlənməsi bir sıra fəaliyyət növləri üzrə uçotun qurulması baxımından daha da aktuallıq qazanmışdır. Bu tip əməliyyatların aparılması üzrə 2020-ci ildən başlayaraq həm qanunvericilik, həm də texniki baxımdan bəzi yeniliklər tətbiq edilməyə başlanmışdır. 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə malların alış aktı barədə 71-2-ci maddə əlavə edilmişdir. Həmiçinin, Məcəllənin 58.8-ci maddəsinə əsasən müvafiq əməliyyat üzrə vergi ödəyicisinin sahibliyində olan mallara dair alış aktının və ya elektron alış aktının olmamasına görə alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur.
Nazirlər Kabinetinin 7 iyul 2020-ci il tarixli Qərarı ilə elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydaları təsdiq edilmişdir. Qaydalar Vergi Məcəlləsinin 71-2.2-ci maddəsinə əsasən hazırlanmışdır. Eyni zamanda, qaydalarla elektron alış aktının forması da təsdiqlənmişdir. Qeyd etmək istərdik ki, buna uyğun forma faktiki olaraq ilin əvvəlindən istifadə olunur.
Qaydalara əsasən elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir.
Elektron alış aktının tərtib edilməsi İnternet Vergi İdarəsinin “e-qaimə” alt sisteminin “online təqdim olunan aktlar” bölməsində həyata keçirilir. Bu zaman qarşıya çıxan maraqlı məqam ondan ibarətdir ki, malların elektron alış aktı ilə alışını İnternet Vergi İdarəsi portalında rəsmiləşdirən zaman satıcı vergi orqanında uçotdadırsa bu barədə sistem “Bu şəxsin vöeni var davam etmək istəyirsinizmi?” məzmunlu xəbərdarlıq edir. Həmin xəbərdarlıqdan sonra əməliyyatı dayandırmaq və ya davam etdirmək mümkündür.
Qaydalarla elektron alış aktında əks olunmalı məlumatlar və aktın növləri (cari, düzəliş və ləğv) müəyyən edilmişdir.
Digər vacib və maraqlı məqam odur ki, Qaydaların 2.9-cu bəndinə əsasən elektron alış aktı tərtib edilən zaman alınmış malların dəqiq adı qeyd edilmədən ümumiləşdirilmiş adlardan istifadə edilməsinə (məsələn, “mallar”, “tikinti materialları” və digər bu kimi adlar) yol verilmir. Qeyd edilən məsələ həm uçotun aparılması, həm də vergi nəzarəti tədbirləri zamanı sanksiya riskinin yaranması baxımından vacibdir. Fikrimizi konkret misalla izah edək:
Misal 1: “Təchizatçı 99” MMC tərəfindən fiziki şəxs Muradov Adil Məmməd oğlundan alınmış 200 kq alma elektron alış aktı ilə rəsmiləşdirilən zaman malın adı “kənd təsərrüfatı malları” qeyd edilməklə əməliyyat üzrə cəmi məbləğ 600 manat təşkil edilmişdir. Həmin malların satışı həyata keçirildikdə isə “Kainat Market” MMC-yə təqdim edilmiş elektron qaimə-fakturada malın adı alıcının tələbi ilə düzgün olaraq “yerli alma” kimi qeyd edilməklə 630 manata satılmışdır. Vergi yoxlaması zamanı çeşid fərqi müəyyən edildiyindən, 600 manat məbləğində alınmış “kənd təsərrüfatı malları” əskik gəlmiş hesab edilə bilər. Həmçinin 630 manat məbləğində satışı həyata keçirilmiş “yerli alma”nın alışı sənədlərlə təsdiqini tapmadığı üçün Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən malın alış dəyərinin 10 faizi (rəsmiləşdirilməyən xərc kimi) miqdarında sanksiya riski yarana bilər.
VÖEN təqdim etməyən şəxslərlə əməliyyatlarda elektron alış aktının tətbiq edilməsi zamanı diqqət yetirilməli digər məsələ isə Vergi Məcəlləsinin 101.6-cı maddəsinin tələblərinə uyğun olaraq ödəmə mənbəyində tutulan verginin düzgün müəyyən edilməsidir. Həmin maddəyə əsasən Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Bunu misallarla izah etməzdən əvvəl “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə nəzər yetirək:
3.5. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:
3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;
3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu;
3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;
3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;
3.5.5. xam dərinin tədarükü
Misal 2: “Təchizatçı 99” MMC tərəfindən fiziki şəxs Muradov Adil Məmməd oğlundan öz istehsalı olan 600 manat dəyərində 200 kq alma elektron alış aktı ilə alınmışdır. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsi kənd təssərrüfatı məhsullarının satışına da şamil olunur. Lakin fiziki şəxs öz istehsalı olan kənd təsərrüfatı məhsulunun satışını həyata keçirdiyi üçün əməliyyat vergidən azaddır və bu əməliyyat zamanı ÖMV üzrə öhdəlik yaranmır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, qanunvericiliklə bu tip əməliyyatlar üzrə nağd ödənilən məbləğlərə məhdudiyyət tətbiq edilmir.
Misal 3: “Təchizatçı 99” MMC tərəfindən kənd təsərrüfatı mallarının tədarükçüsü olan fiziki şəxs Məmmədov Qabil Həsən oğlundan 650 manat dəyərində 200 kq alma elektron alış aktı ilə alınmışdır. 2-ci misaldakından fərqli olaraq bu əməliyyat 2 faiz dərəcə ilə ÖMV-yə cəlb edilməklə müəssisənin 13 manat ÖMV tutmaq öhdəliyi yaranacaqdır. Çünki kənd təsərrüfatı məhsullarının tədarükçü tərəfindən satışı vergidən azad deyildir. Qanunvericiliklə bu tip əməliyyatlar üzrə də nağd ödənilən məbləğlərə məhdudiyyət tətbiq edilmir. Malların satıcısı baxımından diqqət yetirilməli məqam ondan ibarətdir ki, elektron alış aktının tətbiqi ilə birlikdə satışı həyata keçirən şəxslərin məlumatları vergi orqanlarına ötürülür. Həmin şəxslərə vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən mənbəyi bəlli olan məlumatlar üzrə müvafiq vergilər hesablana bilər. Yəni bu cür malları təqdim edən sahibakrlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən 2 faiz miqdarında ÖMV tutulması heç də onları digər vergi öhdəliklərindən azad etmir.
Misal 4: “Təchizatçı 99” MMC tərəfindən fiziki şəxs Orucov Anar Natiq oğlundan 150 kq alüminium qırıntısı 900 manata elektron alış aktı ilə alınmışdır. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsi əlvan metal qırııntılarına şamil olunduğundan müəssisənin ÖMV üzrə 18 manat öhdəliyi yaranacaqdır. Qanunvericiliklə bu tip əməliyyatlar üzrə də nağd ödənilən məbləğlərə məhdudiyyət tətbiq edilmir. Üçüncü misalda göstərilənlər bu əməliyyat üzrə malların satıcısına da aiddir.
Misal 5: “Təchizatçı 99” MMC tərəfindən elektron alış aktı ilə fiziki şəxs Əliyev Orxan Kərim oğlundan 1200 manata bir ədəd komputer alınmışdır. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsi komputer satışına şamil olunmadığundan müəssisənin ÖMV üzrə öhdəliyi yaranmır. Eyni zamanda diqqət etmək lazımdır ki, bu tip əməliyyatlar üzrə nağd ödənişlərə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən vergi ödəyicisinin dövriyyəsindən və aktiv mükəlləfiyyətindən asılı olaraq məhdudiyyət tətbiq edilir. Misalda qeyd edilən əməliyyat üzrə malı təqdim edən şəxsin gəliri isə Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən vergiyə cəlb olunmur.
Qaydalara əsasən vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktını tərtib edir. Elektron alış aktı çap edilərək malların satıcısına imzalatdırıldıqda malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktının tərtib edilməsinə ehtiyac yoxdur.
Əməliyyat tam və ya qismən ləğv edildikdə İnternet Vergi İdarəsində elektron alış aktı ləğv edilir və ya akta müvafiq düzəliş edilir.
Həmçinin qeyd etmək istərdik ki, elektron alış aktı ilə alınmış mallar üzrə digər ilkin uçot sənədlərinin tərtib edilməsi vacibdir. Həmin sənədlərə malların təhvil-qəbul aktı, ödənişi təsdiq edən sənəd (kassa məxaric orderi), kağız daşıyıcıda alış aktı (zəruri hallarda), malları satan şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti və digər təsdiqedici sənədlər aiddir.